Yeni 3 cildlik “Azərbaycan Respublikası tarixi” hazırlanır - Cəbi Bəhramov

14:10 20.04.2021 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan İrəvan və Zəngəzurun qaytarılması səlahiyyətini özündə saxlayır...

AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru, professor Cəbi Bəhramovla “Həftə içi” üçün müsahibəmizdə Qarabağda şanlı zəfərimizlə nəticələnmiş Vətən savaşımızın yeni yazılacaq tariximizdə və tarix dərsliklərində əks olunması, Ali Baş Komandanın İrəvan və Zəngəzurla bağlı mütəmadi çıxışlarındakı tezislərin tarixçilərimiz qarşısında qoyduğu vəzifələr, Azərbaycanın tarixi torpaqlarına iddialarının beynəlxalq səviyyədə əsaslandırılması və s. mövzularda maraqlı bir söhbət qurmağa çalışdıq.

- Cəbi müəllim, Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük müzəffər savaşımız həm də Azərbaycan tarixinin yenidən yazılması zərurətini meydan qoydu. Bu istiqamətdə Tarix İnstitutu tərəfindən hansı işlər görülür?

- 44 günlük müharibədən sonra Tarix İnstitutunda bir çox istiqamətlərdə, o cümlədən həmin savaşdakı zəfərimizin tarixi ilə bağlı çox ciddi və gərgin iş gedir. Qarabağ torpağının azad edilməsi, eləcə də Vətən müharibəsinin başlanması haqda ayrıca bir kitab hazırlanır. Eyni zamanda yeni 3 cildlik “Azərbaycan Respublikası tarixi” hazırlanır ki, həmin kitablarda da deyilən  məsələlər öz əksini tapır. Əlavə olaraq institut 15 cildlik “Azərbaycan tarixi” hazırlayır ki, həmin əsərin sonuncu cildində də 44 günlük müzəffər savaşımızdan ətraflı bəhs ediləcək. Bundan başqa, son Vətən müharibəsinin gedişatını təsvir edən xronologiya, cənab Prezidentin rəhbərliyi ilə Qələbəmiz üçün aparılan bütün işləri əks etdirən faktları özündə cəmləşdirən bir çox məcmuələr var ki, onların da hazırlanmasında bilavasitə Tarix İnstitutu iştirak edir. Xüsusilə də informasiya müharibəsində, diplomatik cəbhədə cənab Prezidentin gördüyü işlərin hamısı haqda materiallar toplanılıb və elmi dövriyyəyə cəlb edilərək ayrıca kitab halında, inşallah, Qələbəmizin 1 illiyi ərəfəsəində hazır olacaq. Bir sözlə, institutumuzun bu istiqamətdə fəaliyyət dairəsi çox genişdir...

- Sözsüz ki, Qarabağdakı son Zəfərimiz və ona aparan yolun ali və orta məktəb dərsliklərinə salınması məsələsi də gündəmdədir...

- Əlbəttə, bu, çox ciddi və vacib məsələdir. Doğrudur, biz bilavasitə dərsliklərin hazırlanmasıyla məşğul olmuruq. Təhsil Nazirliyi, eləcə də bu işlə məşğul olan digər qurumlar, təbii ki, dərslikləri hazırlayarkən Tarix İnstitutunun  nəşr etdiyi dərsliklərə diqqət etməlidirlər. Yəni milli tariximizin bütün əsas məsələləri Tarix İnstitutunda tədqiq olunub elmi dövriyyəyə gətirildiyi üçün ali və orta məktəb dəsrlikləri də  həmin nəşrlər əsasında tərtib olunmalıdır. Bizim də Təhsil Nazirliyi və digər qurumlarla çox isti və sıx münasibətlərimiz var. Yəni bu işləri bir-birimizlə sıx əlaqədə görürük. Şübhəsiz ki,  əgər  hər hansı bir tarix dərsliyi hazırlanırsa, elmi rəy verilməsi üçün Tarix İnstitutuna göndərilir. Əgər həmin dərslikdə institutun nəşr etdiyi əsərlərdən istifadə olunubsa, əlbəttə ki, o, müsbət rəy əsasında çapa gedə bilər.

- Bildiyiniz kimi,  Azərbaycan Prezidenti  həm son Vətən müharibəsindən əvvəlki illərdə, həm bu müzəffər savaşımız dövründə, eləcə də  sonrakı çıxış və müsahibələrində İrəvan və Zəngəzur məsələlərini xüsusi olaraq daxili, eyni zamanda beynəlxalq auditoriyanın diqqətinə çatdırır. Bundan qıcıqlanan, hələ də “Dəmir yumruq”la ağılları  başlarına tam gəlməmiş faşistxislətli ermənilər və onların havadarları Azərbaycan dövlətini ərazi iddialarında suçlamağa çalışırlar. Yəqin ki, beynəlxalq ictimaiyyət qarşısında Qərbi Azərbaycan torpaqlarına iddialarımızın haqlı olduğunu əsaslandırmaq üçün tarixçi alimlərimiz öz üzərlərinə düşən işləri daha məsuliyyətlə icra edirlər?

- Əlbəttə. Öncə onu deyim ki, ermənilərin Qərbi Azərbaycan torpaqları haqqında heç bir elmi və hüquqi əsas olmadan ortaya qoyduqları saxta “arqument”lərin və kampaniyaların heç bir əhəmiyyəti yoxdur. Azərbaycan alimləri və ayrıca Tarix İnstitutu bu istiqamətdə gərgin iş aparır. Məlumunuz olsun ki, artıq “Zəngəzur tarixi” adlı bir kitab nəşrə hazırlanır. Həmin əsərin mətnlərinin böyük hissəsi hazırdır, yenidən işlənilir və dəqiqləşdirmələr aparılır. Tezliklə institutun baş direktoru, professor Kərim Şükürovun və digər tanınmış alimlərimizin  müəllifliyi ilə hazırlanan sanballı bir monoqrafiya ortalığa qoyulacaq. Bu elmi əsərdə bütün məqamlar nəzərə alınıb.  Məsələnin tarixi tərəfi ilə bağlı heç bir problem yoxdur. Yəni Zəngəzurla bağlı bütün faktlar əlimizdəki tarixi sənədlərlə tam əsaslandırılır. Digər məqam məsələnin hüquqi tərəfi ilə bağlıdır. Məsələ ondan ibarətdir ki, 1921-ci ilin iyunundan ta 1929-cu ilə qədər Zəngəzurun qərb əraziləri, o cümlədən Göyçə gölü ətrafındakı torpaqlar bilavasitə Azərbaycan xalqının iradəsinin əleyhinə olaraq, bu ölkənin vətəndaş toplumundan heç bir çey soruşulmadan ermənilərə bağışlanıb. Ondan əvvəl isə Azərbaycan Xalq Cümhuriyyətinin 29 may 1918-ci il tarixli qərarı ilə İrəvan şəhərimiz də heç bir referendum keçirilmədən, xalqın rəyi soruşulmadan ermənilərə verilib. Bu haqda cənab Prezident də dəfələrlə danışıb. Cənab Ali Baş Komandan bütün çıxışlarında, beynəlxalq görüşlərdə bu məsələni diqqət mərkəzinə gətirir. O cümlədən bu yaxınlarda dünyanın məşhur beyin mərkəzlərinin nümayəndələri ilə ADA-dakı görüşü zamanı da  cənab İlham Əliyev İrəvan və Zəngəzur məsələlərinə toxundu və onu deyək ki, çox əsaslı şəkildə toxundu. Ona görə də Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisi  olaraq istər İrəvan şəhəri və onun ətrafındakı 9 min kvadrat kilometrlik ərazinin 1918-ci ildə ermənilərə güzəştə gedilməsi və 1921-1929-cu ilədək Zəngəzur və digər ərazilərimizin Sovet Rusiyası və sonradan Sovet İttifaqı hökumətinin təzyiqi ilə Azərbaycan SSR tərkibindən alınaraq ermənilərə verilməsi məsələlərinin araşdırılması üzərində ciddi iş gedir. Adları çəkilən ərazilərin geri qaytarılaması səlahiyyətini Azərbaycan Respublikası öz üzərində saxlayır. Yəni həmin torpaqlar bütün hüquqi norma və prinsiplər pozulmaqla verildiiyi və Azərbaycan xalqına qarşı cinayət törədildiyi üçün Azərbaycan dövlətinin, onun qanunverici orqanının sözügedən ərazilərin geri qaytarılması məsələsini qaldırmaq üçün kifayət qədər səlahiyyəti var. Eyni zamanda Azərbaycan xalqına vurduğu  zərbə və zərərlərə qarşılıq olaraq cavabdeh dövlətlər və ya onların varisləri təzminat ödəməlidir. Cənab Prezident və Ali Baş Komandan da, dediyimiz kimi, bu mövzunu çox ciddi şəkildə qaldırır. Odur ki, həmin məsələlərin tarixi tərəfi Tarix İnstitutu tərəfindən gərəkli qaydada işlənməkdədir. Hüquqşünaslarımız, beynəlxalq hüquq üzrə mütəxəssislərimiz də buna xüsusi diqqət ayırmalı və tezliklə beynəlxalq səviyyədə qaldırılamasını həyata keçirməlidir...

- Azərbaycan xalqına qarşı aparılmış soyqırımların tədqiqi və dünyaya çatdırılması istiqamətində hansı yeniliklər var?

- Bu istiqamətdə də çox işlər görülür. Azərbaycan xalqına qarşı  1918-ci ilin martından bəri aparılmış soyqırım faktları Tarix İnstitutu tərəfindən arxiv sənədləri əsasında elmi nöqteyi-nəzərdən araşdırılıb, tədqiq olunub və bu barədəki faktlar elmi əsər və məcmuələrdə nəşr olunub. Məsələnin hüquqi tərəfi var. İlk növbədə BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260(III) saylı qətnaməsinə  əsasən bizim beynəlxalq hüquqşünaslar cinayət hüququ üzrə mütəxəssislər bu faktları da dünya səviyyəsində qaldırıb təqdim etməlidirlər ki,  bununla da məsələ öz ədalətli həllini tapsın.

- 1948-1953-cü illərdə Qərbi Azərbaycandan soydaşlarımızın qanunsuz olaraq deportasiya olunmasına görə Azərbaycan dövlətinin SSRİ-nin varisi olaraq Rusiya dövlətinə qarşı iddia qaldırmasına əlimizdə yetərincə əsas olması üçün kifayət qədər tarixi araşdırmalar aparılıbmı?

- Həmin mövzu da tədqiqatlarımızda kifayət qədər öz əksini tapıb. Tariximizlə  bağlı bütün elmi əsərlərdə, o cümlədən dediyim kimi, nəşrə hazırlanan 15 cildlik “Azərbaycan tarixi”, eləcə də “Zəngəzur tarixi” əsərlərində bu mövzuya da xüsusi diqqət yetirilib. 1948-1953-cü illər deportasiyası haqda şəxsən özüm yazmışam. Ancaq Rusiyaya qarşı iddia qaldırılması məsələsində bir az tələsməyək. Əvvəlcə gəlin arxı hoppanaq sonra... Hər şeyi ağıl, səbr, təmkin və düşüncə ilə həyata keçirməliyik...Xalqımız bilsin ki, tarixçi alimlərimiz cənab Prezidentin çağırışlarına cavab olaraq bütün bu işləri ciddi və fəal şəkildə aparır.

- Cəbi müəllim, bəhs etdiyimiz bütün bu işlərin görülməsi üçün Tarix İnstitutu əsasən hansı beynəlxalq elmi mərkəzlərlə əməkdaşlıq edir?

- Əsasən, qardaş Türkiyə, Gürcüstan və İtaliyadan olan həmkarlarımızla birgə çalışırıq.

Bir daha deyirəm,  Azərbaycan xalqı və dövləti əmin olsun ki, tarixçi alimlərimiz nəinki Qarabağ, digər tarixi torpaqlarımızla bağlı da tarixi ədalətin bərpa olunması üçün üzərinə düşən bütün işləri layiqincə yerinə yetirəcək...